Ilkin Huseynov's Blog


Genosidlərin yad edilməsinə dair
Fevral 10, 2011, 9:42 am
Filed under: Uncategorized

Genosidlərin yad edilməsinə dair fikirlərimi bildirmək istəyirəm. Bilirik ki, insan özünü nə qədər ali varlıq hesab etsə də, insan hələ evolyusiyanın son mərhələsi deyil və təkamül öz qaydası üzrə davam edir. İnsan da bir canlıdır. Təbiətə görə insan ən kiçik soxulcandan da fərqli deyil, hər ikisi sonda çürüyüb gedir. İnsanın ağlı delfininkindən çox inkişaf etdiyi üçün insan tarix boyu özündən nələrisə uydurmuşdur – din, vətən, müqəddəslər toplusu, qayda-qanun və sair. Uydurmaq insanın xasiyyətidir. Lakin insan nə qədər özünü heyvandan üstün saysa da, təbiət insanı gətirib öz yerinə qaytarmışdır – insan uydurduqlarına görə müharibələr etmiş, qanlar tökmüşdür.  Dövlətlər yaranıb. Kainatdakı milyardlarla daş parçalarından biri olan Yer kürəsinin üstündə qurduqları o dövlətləri ilə fəxr edən insanlar dövlətlərinin ərazilərini genişlətmək üçün və ya dövlətçiliklərini saxlamaq üçün həmişə müharibə ediblər, bəzən qadın üstündə də müharibələr olub. İnsanlar da sürü halına salınıblar, və insan sürüsü ümumi ideologiya ardınca gedib. Bu ideologiyalar millətçilik və aqressiv dövlətçilik idelogiyasıdır. Dilləri bir olan insanlar qürrələnib özlərini bir millət adlandırıblar, ana dili haqqında şeir yazıblar. Millətlər bir biriləri ilə müharibələr ediblər və müharibədə cəzasızlıq olduğu üçün, insanlar öz qəddarlıqlarını açıblar – insan müharibədə öldürmüş, işgəncələr vermişdir. Bəzən bir toplumun nümayəndələri digər toplumun nümayəndələrini kütləvi surətdə məhv etmişdir, buna da genosid və ya soyqırım adı veriblər. Sonra da məhv edilən tərəf məruz qaldığı soyqırımdan maksimum bəhrələnməyə çalışmış, ətraf-aləmə car çəkərək məruz qaldığı soyqırıma görə pul və digər maddi sərvətlər tələb etməklə məsələyə nə qədər spekulyativ yanaşdığını nümayiş etdirmişdir. Soyqırımların anılmasının insanın nə qədər səhv yolda olduğunu göstərməyə çox xeyri var. Guya ürəyiyumşaq olduğundan soyqırımlarda ölənlərdən yalnız qocaları, uşaqları və qadınları öz toplumunun, yəni millətinin yadına salaraq onlarda digər millətə qarşı nifrəti daha da gücləndirmək, nəticədə camaatda digər millətin də qadın və uşaqlarının başına belə oyunların açılması arzusunu oyatmaq məsələnin mahiyyətinin ürəyiyumşaqlıq yox, qəddarlıq olduğunu üzə çıxarır. Nə üçün soyqırımlar anılır? Yas saxlamaq adətinin mahiyyəti nədir? Mənə çox maraqlıdır, soyqırımı anan və anmayan arasında mahiyyətcə nə fərq var axı? Soyqırımı anan nə edəcək ki? Soyqırımda ölənləri dirildəcək? Yox. Bəs nə olacaq? Heç nə. Bir halda ki, bunun axırı heç nədir, özünü aldatmaq əvəzinə bu heç nəni öncədən tanıyaraq ümumiyyətlə qətllləri və soyqırımları anmamaq daha məntiqli və daha düzgün olmazdımı? Məni bəzən qəddar olmaqda ittiham edirlər, mən əslində bir heyvan da öldürə bilmirəm, quş başı da kəsə bilmirəm, amma məni qəddarlıqda ittiham edirlər, çünki mən soyqırımlara soyuq yanaşıram. Yaxşı, soyqırımlara isti yanaşanlar nə ediblər, bunu deyin. Soyqırımlara isti yanaşmaqla orada ölənləri dirildə biləcəklərsə, mən də indidən soyqırımlara isti yanaşım, yox, əgər soyqırımı xatırlamaqla hansısa millətə nifrət aşılamaq əlbir olacaqsa, məni belə ziyanlı işlərə dəvət etməyin. Heç bir fəlsəfi bazası olmayan, dialektika ilə tamamilə ziddiyyət təşkil edən, sırf instinktlərə və primitiv eqoizmə söykənən belə hərəkətləri mənə sırımayın, heç özünüz də bunu etməyin, etdikcə ziyana uğrayırsınız.

İlkin Hüseynov




Follow

Get every new post delivered to your Inbox.